Dekabrın 19-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Pedaqoji Universitet və Avrasiya Universitetlər Birliyinin (EURAS) birgə təşkilatçılığı ilə “Təhsildə innovativ liderlik: gələcəyin təhsil sistemini qurmaq” mövzusunda seminar keçirilib.ADPU-dan Tehsil.biz-ə bildirilib ki, EURAS prezidenti, İstanbul Aydın Universitetinin qurucusu və Himayəçilər Şurasının rəhbəri professor Mustafa Aydının təqdimatında keçirilən seminarda təhsildə liderlik, innovativ yanaşmalar və uğurlu strategiyalar müzakirə olunub. Seminarda professor təhsil mühitində diqqət yetirilməli olan məqamlar, təhsildə dəyərlərin önəmi və tətbiqi mövzuları ətrafında fikir və təcrübələrini bölüşüb.Qeyd edilib ki, müasir müəllim təkcə bilik ötürücüsü deyil, həm də yol göstərəndir. Şəxsiyyət yetişdirməyə yönələn təhsil sistemində maraq mərkəzləri yaradılmalı, şagirdlərə sosial məsuliyyət və həssaslıq hissləri aşılanmalıdır. Professor M.Aydın vurğulayıb ki, müəllim dərs prosesində lider kimi davranmalı, dərsini ssenari şəklində planlamalı və gəncləri mənfi təsirlərdən qoruyaraq onların potensialını üzə çıxarmalıdır. Təhsilin məqsədi təkcə bilik ötürmək deyil, həm də əldə edilən bilikləri praktik və sosial dəyərə çevirməkdir. Alim bəhs etdiyi yanaşmaların təhsil sahəsində innovativ liderliyin əsasını təşkil etdiyini bildirib.Təhsil işçiləri, universitetin professor-müəllim heyəti və tələbələrin iştirak etdiyi seminarda müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb. Müzakirələrdə xüsusilə fərqlənən ADPU-nun tələbəsi Xədicə Əhmədliyə professor M.Aydın tərəfindən İstanbul Aydın Universitetində tam təqaüdlə magistratura və doktorantura təhsili hədiyyə olunub.Qeyd edək ki, professor Mustafa Aydın Türkiyə ali təhsil sistemində bir çox islahatların müəllifidir. O, hibrid ali təhsil modelini ilk dəfə tətbiq edərək xarici tələbələrin Türkiyəyə cəlb olunmasında yeni səhifənin başlanğıcını qoyub.