Bakı şəhəri Vahid Əzizov adına 30 nömrəli tam orta məktəb 1959-cu ildə tikilib istifadəyə verililib. 2008- ci ildə Təhsil Nazirliyi tərəfindən əsaslı təmir olunub. Fəaliyyət göstərdiyi dövrdən bir çox uğurlara imza atan təhsil ocağı 2012/2013-cü dərs ilində keçirilmiş “Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsinin qalibi olub.
2021/2022-ci dərs ilində məktəbdə 723 nəfər şagird təhsil alır. 64 nəfər şagird məktəbəhazırlıq qrupunda oxuyur. Şagirdlərin təlim- tərbiyəsi ilə 78 nəfər müəllim məşğul olur. Məktəbdə Azərbaycan və rus bölmələri fəaliyyət göstərir. Təlim Azərbaycan və rus dillərində aparılır. Məktəb birnövbəlidir, 5 günlük iş rejimi ilə işləyir. “ Təhsil haqqında qanun” a uyğun olaraq təhsil üç pillədən ibarətdir. İbtidai təhsil pilləsi I – IV sinifləri, ümumi orta təhsil pilləsi V – IX sinifləri, tam orta təhsil pilləsi X -XI təhsil pilləsini əhatə edir. Tədrisin hər 3 pilləsində şagird şəxsiyyətinin formalaşdırılması Azərbaycan Respublikasının ümumtəhsil məktəblərinin nümunəvi “Əsasnaməsi”nə uyğun aparılır.
Məktəbin müasir avadanlıqlarla təchiz olunmuş sinif otaqları, kimya, fizika, biologiya laboratoriyaları, şəbəkəyə qoşulmuş kompüter otaqları, kitabxanası, bufeti, akt və idman zalları var. Sinif otaqları və dəhlizlər kameralar vasitəsilə izlənilir.
Tədris prosesində İKT avadanlıqlarından, kompüter, “ağıllı” lövhələr, noutbuk və proyektorlardan istifadə olunur. Məktəb kitabxanası həm bədii ədəbiyyatla, həm də dərsliklər və dərs vəsaitləri, metodik vəsaitlərlə təmin olunub.
Şagirdlərin elmi dünyagörüşünün formalaşdırılması, yaradıcı təfəkkürünün inkişafı, bilik və bacarıqlarının möhkəmləndirilməsi məqsədi ilə yaradılmış “Kiçik Akademiya”, “Əyləncəli riyaziyyat”, “ Gənc bioloqlar”, “ Ana dilimiz” və idman dərnəkləri fəaliyyət göstərir.
2018 / 2019-cu dərs ilində məktəbin ibtidai sinif müəllimi Arzu Mikayılova Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsində “Təhsil kouçlarının hazırlanması və kouçinq sisiteminin təşkil edilməsi”, 2019/2020-ci dərs ilində isə IV qrant müsabiqəsində "Ümumtəhsil müəssisələrində kouçinq xidmətinin təşkili" layihəsi ilə qalib olub və layihələr uğurla icra edilib.
2020/2021-ci dərs ilində IX sinif şagirdlərinin buraxılış imtahanlarının nəticələrinə görə reytinq cədvəlində Bakı şəhəri üzrə 194-cü, Binəqədi rayonu üzrə isə 20-ci yeri tutub.
Məktəbdə yüksək tədris mühitinin yaradılmasına, təhsilin keyfiyyətinin yüksəldilməsinə, şagirdlərə əsaslı bilik verməklə yanaşı, onların müstəqil düşüncəyə malik yüksək mənəviyyatlı və milli – mənəvi dəyərlərə sadiq şəxsiyyət kimi formalaşdırılmasına, vətənpərvərlik, dövlətçilik və azərbaycançılıq ruhunda tərbiyə olunmasına xüsusi diqqət yetirilir.
Devizimiz – Təhsil dünyanı dəyişmək üçün ən qüdrətli silahdır!
Yasamal rayonundakı 31№-li tam orta məktəb Fuad İbrahimbəyov 17 ünvanında yerləşir. 1934-cü ildən fəaliyyət göstərir. 1936-cı ildə oğlanlar üçün ixtisaslaşdırılmış məktəb kimi fəaliyyət göstərmişdir. 1941-1945-ci illərdə Təxliyyə hospitalı olmuşdur. 1994-cü ildən 20 Yanvar şəhidi Aslan Ağaverdiyevin adını daşıyır. Məktəb 5 günlük iş rejimində, 1 növbədə işləyir. 2016-2017-ci tədris ilində məktəb üzrə 658 şagird 27 sinif üzrə komplektləşdirilmişdir. Şagirdlərin təlim-tərbiyəsi ilə 59 müəllim məşğul olur. Məktəbin 1 nəfər müəllimi “İlin müəllimi", 1 nəfəri elmlər namizədi, 1 nəfər isə "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülmüşdür. Məktəbdə İki xarici dil – ingilis və rus dilləri tədris edilir. 2011-ci ildən etibarən məktəbdə ibtidai siniflərdə ingilis dili fənninin tədrisi "British Council" un pilot layihəsi əsasında keçirilir. 2012-2013-cü illərdə məktəbdə əsaslı təmir və yenidənqurma işləri aparılmış, dördmərtəbəli, 650 şagird yerlik binada tədris üçün bütün zəruri baza yaradılmışdır. Məktəbdə 2014-2015-ci tədris ilində, Bakının 50 Pilot məktəbində nəzərdə tutulmuş nümunəvi Hərbi kabinet və xarici dillərin daha intensiv və interaktiv tədrisi üçün 2 linqofon otağı qurulmuşdur. 2015-2016-cı və 2016-2017-ci tədris illərində məktəbin "Mübariz" komandası "Şahin" hərbi-idman oyunlarında Yasamal rayonunda mövcud olan 21 məktəb arasında 2 dəfə I yerə layiq görülmüş, oyunların Bakı şəhəri üzrə keçirilən zona mərhələsində müvafiq olaraq II və III yerlərə çıxmışdır. Yarışların Respublika mərhələsində fəal iştirakına görə Fəxri Fərman və Diplomla təltif olunmuşdur. Məktəbin komandası Yasamal rayon orta ümumtəhsil məktəbləri arasında "Nə?, Harda?, Nə zaman?" intellektual oyun üzrə rayon çempionatında I yeri tutduğuna görə Yasamal Rayonu Gənclər və İdman İdarəsi tərəfindən Diplomla təltif olunmuşdur. 2016-2017-ci dərs ilində təlim-tərbiyyə prosesinin təşkili və idarə edilməsində səmərəli fəaliyyətinə görə məktəb rəhbərliyi BŞTİ-nin Fəxri Fərmanı ilə təltif edilmişdir.
Bakı şəhəri Nizami rayonu Milli Qəhrəman M.Rüstəmov adına 32 nömrəli tam orta məktəb 1963-cü ildən fəaliyyət göstərir. Hal-hazırda məktəbdə 1756 şagird təhsil alır, 49 sinif komplekti var. Məktəbdə təlim Azərbaycan və rus dillərində aparılır. Məktəbdə İki xarici dil – ingilis və rus dilləri tədris edilir. Məktəb 5 günlük iş rejimində, 2 növbədə işləyir. Şagirdlərin təlim-tərbiyəsi ilə 106 müəllim məşğul olur. 2012/2013-cü tədris ilində məktəbin 2 nəfər müəllimi “Əməkdar müəllimi", 6 nəfər isə "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülmüşdür. Məktəb 2008-2009 və 2012-2013-cü tədris illərində “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 10 sentyabr 2014-cü il tarixdə məktəbin əsas tədris binasında təmirdən sonra yaradılan şəraitlə tanış olmuşdur. 14 sentyabr 2016-cı ildə isə məktəbin ikinci tədris korpusu istifadəyə verilmişdir. Açılış mərasimində dövlət başçısı Prezident İlham Əliyev iştirak etmişdir
Məktəb 2002-ci ildə xeyriyyəçi Əliyev Rafiq Sabir oğlu tərəfindən tikilib. 2003-cü ilin senyabrında istifadəyə verilmişdir. 2011-ci ildə məktəb Bakı şəhərt İcra Hakimiyyəti tərəfindən əsaslı təmir olunmuş və əlavə tədris binası tikimişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bakı şəhər İcra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yeni tikilən binanın açılışında iştirak etmiş və və məktəbin həyətinin boş qalan sahəsində akt, idman zallarının və yeni bir tədris otağının tikilməsi üçün göstəriş vermişdi. Məktəbdə 308 nəfər şagirdin təlim-tərbiyəsi ilə 31 nəfər müəllim məşğul olur. Onlardan ali təhsilli 21 nəfər , 10 nəfər isə orta ixtisas təhsilli müəllimlər məşğul olur. Həmçinin məktəbdə 13 nəfər texniki heyət işləyir. Məktəbin şagirdləri müxtəlif idman yarışlarında, müsabiqələrdə, intellektual oyunlarda fəal iştirak edərək yüksək nəticələr göstəriblər. Qəbul imtahanlarında şagirdlərimiz rayon üzrə hər il yüksək nəticələr gostəriblər.
Bəhruz Sultanov adına 34 nömrəli li tam orta məktəb 1959-cu ildə istifadəyə verilmişdir. 2012-ci ildə əsaslı təmir olunub. Məktəb bir növbəli, 5 günlük iş rejimi ilə işləyir. Məktəb dördmərtəbəli və birtiplidir. Məktəbdə 27 sinif otağı o, cümlədən fizika, biologiya, kimya, tarix, informatika, əmək kabinetləri, 2 laboratoriya - fizika və kimya, eyni zamanda kitabxana, akt zalı, idman zalı, yeməkxana, tibb otağı fəaliyyət göstərir. Təhsil alanların sayı 589 nəfərdir. Məktəbdə çalışan müəllimlərin sayı 81, fəxri ad qazanan müəllimlərin sayı 2 nəfərdir. Təhsil müəssisəsinin məzunlarının çoxu tələbə adını qazanıb, 4 nəfər 600 - dən yuxarı bal toplayıb.
Bakı şəhəri 35 №-li tam orta məktəb 1931-ci ildən fəaliyyət göstərir. Məktəb 800 yerlikdir. Cari dərs ilində məktəbin 22 sinfində 435 şagird təhsil alır. Siniflərdə şagirdlərin orta sıxlığı 20 nəfərdir. Məktəbdə şagirdlərin təlim-tərbiyəsi ilə 61 nəfər müəllim məşğul olur. Pedaqoji kollektivin 93%-i ali təhsillidir. Onlardan 1 nəfər “Əməkdar müəllim” adına layiq görülmüş, 3 nəfəri isə “Ən yaxşı müəllim ” müsabiqəsinin qalibi olmuşdur. Məktəb üzrə müəllimlərin orta dərs yükü 12 saatdır. Məktəbdə bütün fənləri ixtisaslı müəllimlər aparır. Məktəb 1 növbəli, beş günlük iş rejimində işləyir. Məktəbdə tədris Azərbaycan dilində aparılır. Azərbaycan Respublikası Prezidentinin “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial iqtisadi inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamına əsasən Bakı şəhəri 35 №-li tam orta məktəb 2011-ci ildə əsaslı təmir olunmuş, yeni korpus, fərdi qazanxana və idman zalı tikilmişdir.Azərbaycan Respublikası Prezidentinin 6 avqust 2013-ci il tarixli 3043 nömrəli Sərəncamı ilə Bakı şəhəri 35 nömrəli tam orta məktəb 2012/2013-ci dərs ilində keçirilmış “Ən yaxşı ümumtəhsil məktəbi"müsabiqəsinin qalibi olmuşdur.