Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası – ali və əlavə təhsil proqramlarını həyata keçirən, dövlət təhlükəsizlik orqanları üçün xüsusi ixtisaslı ali təhsilli zabit kadrlar hazırlayan, fundamental və tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsidir.
Akademiya Azərbaycan Respublikası Prezidentinin 1 dekabr 1998-ci il tarixli 37 nömrəli Sərəncamı ilə yaradılmışdır.
Müstəqil Azərbaycan Respublikasının mühüm dövlətçilik təsisatlarından olan təhlükəsizlik orqanları üçün xalqına və dövlətinə ləyaqətlə xidmət edən, onun təhlükəsizliyinin keşiyində dayanan, sədaqətli və vətənpərvər, yeni nəsil peşəkar və ixtisaslı kadrların hazırlanmasını həyata keçirən Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının yaradılması bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.
Zəngin və mənalı həyat yolunun 25 ilini dövlət təhlükəsizlik orqanlarında xidmətə həsr etmiş Ulu öndərimiz hələ 1997-ci il martın 28-də təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı gününün təsis edilməsinə həsr olunmuş yığıncaqda çıxış edərkən bu orqanlarda xidmət edən kadrların rolundan, qarşısına qoyulan tələblərdən və onları səciyyələndirən amillərdən danışaraq yüksək ixtisaslı, peşəkar milli kadrların hazırlanması məqsədilə xüsusi təyinatlı ali təhsil müəssisəsinin yaradılmasının zəruri olduğunu qeyd etmişdi.
Ötən dövr Akademiya üçün yaddaşlardan silinməyəcək bır sıra tarixi hadisələrlə zəngin olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin 2005-ci il dekabr ayının 20-də imzaladığı Fərman ilə təhlükəsizlik orqanları üçün kadr hazırlığı sahəsində nailiyyətləri nəzərə alınaraq Akademiyaya Ümummilli Lider Heydər Əliyevin adı verilmişdir.
2006-cı il mart ayının 27-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Akademiyanı ziyarət etmiş, Ümummilli Lider Heydər Əliyevin möhtəşəm abidəsini, unikal məzmuna və nəfis tərtibata malik "Şöhrət" muzeyini açmış, şücaət rəmzi olan "Döyüş bayrağı"nı Akademiyaya şəxsən təqdim etmişdir.
2008-ci ilin dekabr ayında Akademiyanın yaradılmasının 10 illiyi, 2013-cü ilin dekabr ayında 15 illiyi, 2018-ci ilin dekabr ayında isə 20 illiyi təntənəli surətdə qeyd edilmişdir.
Akademiyanın respublikanın, habelə tərəfdaş ölkələrin xüsusi xidmət orqanlarının ali təhsil müəssisələri və beynəlxalq təşkilatlarla işgüzar əlaqələrə əsaslanan qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri qurulmuşdur.
Polis Akademiyası sıravi milis nəfərləri və komandir kadrları hazırlayan bir məktəb kimi 1921-ci ildə Azərbaycan Respublikasının Xalq Daxili İşlər Komissarlığının qərarı ilə təsis olunmuş, 1936-cı ilədək Bakı şəhərində fəaliyyət göstərmiş, 1936-cı ildən isə Mərdəkan qəsəbəsinə köçürülmüşdür.1957-ci ildə Bakı Milis Məktəbi SSRİ DİN-in Bakı Xüsusi Orta Milis Məktəbinə çevrildi.
Təhsil müddəti iki il müəyyən edilmişdi və məktəbi qurtaranlara orta təhsilli hüquqşünas diplomu verilirdi. 1957-1961-ci illərdə məktəb əyani, qiyabi şöbələr və təkmilləşdirmə kursları vasitəsilə Gürcüstan, Dağıstan, Kabarda-Balkariya, Altay, İrkutsk, Krasnodar, Kuybışev, Novosibirsk, Kemerovo, Saratov və onlarca başqa şəhərlər və respublikalar üçün peşəkar kadrlar hazırlayırdı.
Ümummilli lider Heydər Əliyevin Respublikaya rəhbərlik etdiyi dövrdə milis orqanlarına göstərdiyi qayğı və tələbkarlıq sayəsində Bakı Xüsusi Orta Milis Məktəbi və onun maddi-texniki bazası inkişaf etdi, kadr cəhətdən möhkəmləndi və Akademiya səviyyəsinə qədər yüksəldi.
Azərbaycan Respublikası Prezidentinin 23 may 1992-ci il tarixli 782 saylı Fərmanı və Nazirlər Kabinetinin 9 iyun 1992-ci il tarixli 321 saylı qərarına əsasən Bakı Xüsusi Orta Milis Məktəbi zəminində Polis Akademiyası yaradıldı. Az bir müddət ərzində Akademiyaya I dərəcəli ali təhsil müəssisəsi statusu verildi.
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Akademiyası – Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 12 iyun tarixli 2217 nömrəli Sərəncamına əsasən yaradılmış Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyası ali və əlavə təhsil proqramlarını, ali təhsilin bütün səviyyələrində kadr hazırlığını həyata keçirən, elmi tədqiqatlar aparan xüsusi təyinatlı dövlət ali hərbi təhsil müəssisəsi.
Dövlət Sərhəd Xidmətinin Akademiyası Prezident İlham Əliyevin 2007-ci il 12 iyun tarixli Sərəncamı ilə yaradılmışdır. Akademiya Dövlət Sərhəd Xidməti üçün xüsusi ixtisaslı ali hərbi təhsilli zabit kadrların, komandir və qərargah zabitlərinin, hərbi elmi işçilərin hazırlanması, onların ixtisasının artırılması, dövlət sərhədinin mühafizəsi və hərbi iş sahəsində elmi tədqiqatların aparılmasını təmin etmək məqsədi ilə təsis edilmişdir. Akademiyanın yeni binası 10 avqust 2010 tarixində istifadəyə verilmişdir. Binayla əlaqədar maraqlı fakt burasındadır ki, binanın peyk görünüşünə diqqət yetirdikdə burada İlham Əliyevin ad və soyadının baş hərflərini tərs şəkildə rahatlıqla görmək olar.
Dövlət Sərhəd Xidməti Akademiyasının rəisi general-mayor Azər İbrahimovdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyasının Nizamnaməsi”nin təsdiq edilməsi haqqında 24 iyun 2016-cı il 978 nömrəli fərmanı imzalamışdır.
"Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülmüş sərhədçilər sırasındakı 4 hərbi qulluqçu Dövlət Sərhəd Xidməti Akademiyasının məzunu olmuşdur.
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyası Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 2 iyun tarixli 2850 nömrəli Sərəncamına əsasən yaradılmışdır və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üçün xüsusi ixtisaslı ali təhsilli kadrların hazırlanmasını, əməkdaşların əlavə təhsilini, fövqəladə hallar sahəsində fundamental və tətbiqi elmi tədqiqatları aparan ali təhsil müəssisəsidir.
Qərb Universiteti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 mart 1995-ci il tarixli 44 nömrəli qərarı ilə özəl təhsil müəssisəsi kimi dövlət qeydiyyatına alınmışdır. Qərb Universiteti AzərbaycanO, paytaxt Bakı şəhərində yerləşən rəsmi qeydiyyatdan keçmiş özəl universitetdir. 1991-ci ildə yaradılan universitet Azərbaycanın aparıcı ali təhsil müəssisələrindən birinə çevrilib. Təhsil sektorunun özünə müsbət baxış qazanan Qərb Universiteti tələbələrə müxtəlif peşələr üzrə təhsil verir. Universitetə qəbul tələbləri özəl ali təhsil müəssisələri arasında ən yüksəklərdən biridir. Qərb Universiteti növbəti dövrdə respublikanın ehtiyaclarını və iqtisadi keçid dövrünü bilən ekspertlər hazırlamaqla Azərbaycanın iqtisadi, sosial və siyasi inkişafına kömək edəcək ali təhsil müəssisəsi yaratmaq məqsədi ilə yaradılmışdır. Qərb Universiteti 1996-cı ildən rəhbərliyin Avropa İnkişaf Fondunun üzvüdür. Bundan əlavə, 1992-ci ildə YUNESKO nəzdində Beynəlxalq Universitetlər Assosiasiyasının üzvü olmuşdur .1999-cu ildən Qara Dəniz Ölkələri Universitetləri şəbəkəsinin və 2001-ci ildən Beynəlxalq İnzibati Elmlər İnstitutunun üzvüdür .
Bakı Asiya Universiteti 2015-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət edərək, universitetin fəaliyyətinin müvəqqəti dayandırılması barədə bu ali məktəbin Elmi Şurasında qərarın qəbul edildiyini bildirmiş və burada təhsil alan tələbələrin digər ali təhsil müəssisələrində yerləşdirilməsini xahiş etmişdir. Təhsil Nazirliyi tərəfindən Universitetin xahişi təmin olunmuş və 8 ixtisas üzrə təhsil alan 270 tələbənin digər universitetlərdə təhsillərinin davam etdirilməsinə razılıq verilmişdir