Lənkəran Dövlət Universiteti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 1991-ci il tarixli 319 saylı qərarı ilə Bakı Dövlət Universitetinin Lənkəran filialı kimi açılmış, Nazirlər Kabinetinin 1992-ci il 23 iyul tarixli 403 saylı sərancamı ilə müstəqilliyini yenidən bərpa etmiş Azərbaycan Respublikasının ilk Dövlət statuslu ali məktəbi kimi fəaliyyətə başlamışdır.
Azərbaycanımızın cənub bölgəsində bu yeni ali məktəbin fəaliyyətə başlaması gənc dövlətin ictimai, mədəni və elmi həyatında böyük rezonans doğurmuş, bölgənin mədəni-siyasi, elmi həyatında alimlərin, ziyalıların və ali məktəb tələbələrinin fəal iştirakına şərait yaratmaqla yeni ictimai mühitin formalaşmasına səbəb olmuşdur. Tariximizin çətin, ziddiyyətli və şərəfli dövründə yaranmış Lənkəran Dövlət Universiteti ilk addımlarını Azərbaycanın müstəqilliyi dövründəki təhsil sistemi ilə birlikdə atmış və bu gün respublikanın qabaqcıl ali təhsil müəssisələrindən biri kimi 25 illik şərəfli tarixi yol keçərək milli mədəniyyətimizin, elm və təhsilimizin inkişafında mühüm xidmətlər göstərmişdir.
Fəaliyyətinin ilk dövründə LDU-da 12 ixtisas üzrə 218 tələbə təhsil almış, onların təlim-tərbiyəsi ilə 50 müəllim məşğul olmuşdur. Həmin dövrdə universitetdə 3 fakültə, 11 kafedra fəaliyyət göstərirdi. Universitetin ilk rektoru və yaradıcısı tarix elmləri doktoru, professor Hacıbaba Əzimov olmuşdur. Sonralar, 1997-ci ildə Respublika Prezidenti Heydər Əliyevin sərəncamı ilə Əməkdar Elm Xadimi, texnika elmləri doktoru, professor Mirzə Ağa Bağırov və 2005-ci ildə Respublika Prezidenti İlham Əliyevin sərəncamı ilə Əməkdar Elm Xadimi, fizika və riyaziyyat elmləri doktoru, professor Asəf İsgəndərov rektor vəzifəsinə təyin edilmişlər. Hazırda universitetin rektoru vəzifəsini tanınmış riyaziyyatçı alim, riyaziyyat üzrə elmlər doktoru, professor Natiq İbrahimov icra edir.
1999-cu ildə Gəncə Dövlət Pedaqoji İnstitutunun yubileyi olmuş və onun 60 yaşı tamam olmuşdur: 1938-cu ildə natamam ali təhsil verən ikiillik müəllimlər institutu kimi fəaliyyətə başlamışdır.
İnstitut Azərbaycanın qərb zonası üçün müəllim kadrları yetişdirmək üçün yaradılmışdır. 1943-cü ildən institut tam ali təhsil verən tədris müəssisəsinə çevrilmiş və ona Azərbaycanın görkəmli maarifpərvəri və ictimai xadimi Həsən bəy Zərdabinin adı verilmişdir.
O vaxtdan indiyə kimi institut respublika üçün alitəhsilli pedaqoji kadrlar hazırlayan əsas təhsil mərkəzlərindən birinə çevrilmişdir. İnstitutun on minlərlə məzunu ölkəmizin müxtəlif bucaqlarında müəllimlik işində, elmi və elmi-pedaqoji sahələrdə fəaliyyət göstərir.
Universitet 1938-ci ildə ikiillik Gəncə Müəllimlər İnstitutu kimi fəaliyyətə başlamışdır. 5 illik fəaliyyətdən sonra tam ali təhsil verən H. Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutu kimi yolunu davam etdirmişdir. 2000-ci ildən Gəncə Dövlət Universiteti kimi fəaliyyət göstərir. Universitetdə tədris bakalavr (təhsil müddəti əyani 4 il, qiyabi 5 il) və magistr (təhsil müddəti 2 il) pillələrində aparılır.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 13.06.2000-ci il tarixli Fərmanının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Təhsil Nazirinin 11.07.2000-ci il tarixli 691 saylı əmri ilə Azərbaycan Texnologiya İnstitutunun profili genişləndirilməklə Azərbaycan Texnologiya Universiteti yaradılıb.
1970-ci ildə Azərbaycan Politexnik İnstitutunun Kirovabad filialı fəaliyyətə başlayıb. Azərbaycan Texnologiya İnstitutu Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə, keçmiş SSRİ Nazirlər Sovetinin 202 saylı 22 fevral 1979-cu il tarixli, ona müvafiq Azərbaycan SSR Nazirlər Sovetinin 206 saylı 10 iyul 1980-ci il tarixli qərarı ilə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun Kirovabad filialının bazasında, Krasnodar Politexnik İnstitutunun Bakı filialını, həmçinin S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun “Şərabçılığın texnologiyası” ixtisasını birləşdirməklə yaradılıb.
Respublika ali məktəbləri arasında 1982-ci ildə keçirilən yarışda Azərbaycan Texnologiya İnstitutu ikinci yer, 1983 və 1984-cü illərdə isə birinci yer tutaraq Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin və sahə Həmkarlar İttifaqı Respublika Komitəsinin Fəxri Fərmanı ilə təltif edilib. Həmçinin 1984-cü ildə Azərbaycan KP MK-nın, Azərbaycan SSR Nazirlər Sovetinin və Azərbaycan LKGİ MK-nın Keçici Qırmızı Bayrağı ilə təltif olunub.
Universitetdə hazırda 4 fakültə, 17 kafedra, aspirantura və magistratura şöbəsi, elmi-tədqiqat bölməsi, hazırlıq kursu, iki elmi-tədqiqat laboratoriyası, ingilis dili resurs mərkəzi, kitabxana, İnformasiya Hesablama Mərkəzi, tibb məntəqəsi, 3 iaşə, 4 istehsalat-təcrübə obyekti, idman zalı (sahəsi 1000 kv.m.) və tələbə şəhərciyi fəaliyyət göstərir.
UTECA-da yeyinti, toxuculuq və yüngül sənaye, turizm, logistika, metallurgiya, İKT sahələri üzrə mühəndis, texnoloqlar hazırlanır. Universitetdə elmi-tədqiqat işləri əsasən təbiət-texnika, texnika və mühəndis iqtisadiyyatı istiqamətləri üzrə aparılır.
Universitetdə 1983-cü ildən çoxtirajlı "Texnoloq" qəzeti və 2004-cü ildən isə “Elmi xəbərlər” məcmuəsi nəşr olunur.
Ümummilli liderimiz Heydər Əliyevin fəaliyyətini və dövlətçilik siyasətini daha dərindən elmi əsaslarla öyrənmək məqsədilə universitetdə “Heydər Əliyev Məktəbi” fəaliyyət göstərir. Eyni zamanda universitetin tarixini əks etdirən muzey yaradılıb.
İnstitut fəaliyyətə 1991-ci ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun (hazırkı Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) filialı kimi başlamışdır.
Mingəçevir Politexnik İnstitutu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1991-ci il 23 aprel 274 saylı qərarı ilə M.Əzizbəyov adına Azərbaycan Sənaye Universitetinin (hazırki Azərbaycan Dövlət Neft Akademiyası) filialı kimi fəaliyyətə başlamış, Nazirlər Kabinetinin 371 saylı 1992-ci il 01 iyul tarixli qərarı ilə Mingəçevir Energetika İnstitutuna çevrilmiş və Nazirlər Kabinetinin 427 say1ı 1993-cü il 04 avqust tarixli qərarı ilə Mingəçevir Politexnik İnstitutu adlandırılmışdır.
İnstitut Mingəçevir şəhərinin mərkəzində yüksək səviyyədə təmir edilmiş, müasir tələblərə cavab verən üçmərtəbəli binada yerləşmişdir. İnstitutda sahəsi 3942,8 m² olan 24 auditoriya, müxtəlif fənn laboratoriyaları, kabinetlər, müasir standartlara uyğun idman-sağlamlıq kompleksi və 280 yerlik akt zalı olmuşdur.
Tədris prosesində eyni zamanda "Azərbaycan İstilik Elektrik Stansiyaları" MMC-də yaradılmış, ixtisas fənlərini daha mükəmməl mənimsəməyə imkan verən iki otaqdan – 20–30 yerlik auditoriyalardan istifadə olunub.
Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2015-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan Mingəçevir Politexnik İnstitutunun bazasında ali təhsilin bütün səviyyələri üzrə kadr hazırlığını həyata keçirən Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Mingəçevir Dövlət Universiteti yaradılmışdır.
Naxçıvan Dövlət Universiteti 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialı kimi fəaliyyətə başlamışdır.
1972-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun Naxçıvan filialının bazasında Naxçıvan Dövlət Pedaqoji İnstitutu yaradılmış, 1990-cı ildə isə Naxçıvan Dövlət Universitetinə çevrilmişdir.
Naxçıvan Dövlət Universitetinin 108 hektarlıq ərazisində 14 tədris korpusu, Konservatoriya, Elektron kitabxana, Sosial Xidmət Mərkəzi, Xəstəxana, Olimpiya idman mərkəzi, 2 stadion və Tələbə evi yerləşir. Azərbaycan ali təhsil sistemində ilk dəfə olaraq tələbələr üçün 3 mərtəbəli sosial xidmət mərkəzi, Qonaq Evi tikilərək istifadəyə verilmişdir. Bu il “Tibb” fakültəsi üçün yeni tədris korpusu inşa olunaraq istifadəyə verilmişdir.
2018-ci il Universitet həyatında əlamətdar il olmuş, Naxçıvan Dövlət Universitetinin Distant Təhsil Mərkəzi istifadəyə verilmişdir.
Naxçıvan Dövlət Universiteti Elmi kitabxanasının geniş oxucu kütləsi üçün www.e-kitab.ndu.nmr.az ünvanında Azərbaycan, rus və ingilis dillərində internet səhifəsi yaradılmışdır. Dövri mətbuat fondunda 22.000-dən çox elmi, elmi-kütləvi və ədəbi-bədii mətbuat nümunələri, habelə dissertasiya və avtoreferatlar toplanmışdır. Naxçıvan Dövlət Universiteti Elmi kitabxanası dünyanın 30-dan çox dilində 200.000-ə yaxın fonda malikdir.
Universitetdə 3 internet mərkəzi, nəşriyyat, Media mərkəzi, televiziya studiyası, “Yeni fikir” qəzeti, hüquq klinikası və bir neçə muzey fəaliyyət göstərir. Naxçıvan Dövlət Universitetinin hər bir tədris binasında Wireless antenalar, hotspotlar vasitəsi ilə universitetin kampusunda simsiz internet şəbəkəsindən istifadə olunur.
Naxçıvan Dövlət Universitetində Cənubi Koreyanın KOICA təşkilatı tərəfindən Elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastruktu yaradılmışdır. Elektron təhsil, Onlayn Sənəd dövriyyəsi, Akademik İdarəetmə və s. kimi təhsilinin idarəedilməsi modellərini özündə birləşdirən Elektron Universitet nəinki təhsilin elektron vasitələrlə həyata keçirilməsini, eyni zamanda elektron imtahanları da əhatə edir.
Naxçıvan Dövlət Universiteti Amerika Birləşmiş Ştatları, İngiltərə, Çin, Fransa, Almaniya, İspaniya, Avstriya, Cənubi Koreya, Rusiya, Gürcüstan, Türkiyə, Misir, Ərəb Respublikası, Pakistan, Özbəkistan, İran və digər ölkələrin ali məktəbləri ilə geniş əlaqələrə malikdir.
Beynəlxalq əlaqələrin daha da inkişaf etdirilməsində, elm və təhsil sahəsində qazandığı nailiyyətlərə görə, Naxçıvan Dövlət Universiteti Avropa Rektorlar Klubu tərəfindən “Minilliyin Universiteti” adına layiq görülmüşdür.
Yeni nəsil gəncliyin hərtərəfli inkişafını təmin etmək üçün Naxçıvan Dövlət Universitetində yaradılmış Tələbə Gənclər Təşkilatı, Tələbə Elmi Cəmiyyəti, Tələbə Turizm assosiasiyası, Tələbə informasiya mərkəzi, Tələbə teatr və opera studiyaları, xor, vokal və rəqs qrupları, İdman klubu səmərəli fəaliyyət göstərir. Ali təhsil ocağının tələbə təşkilatları universitetdə tələbələrin yaradıcılıq axtarışlarının, bilik və bacarıqlarının, dünyagörüşünün, təşkilatçılıq qabiliyyətlərinin daha da inkişaf etdirmələrinə, asudə vaxtlarının səmərəli təşkilinə geniş imkan yaradır.
Naxçıvan Dövlət Universiteti Avropa Rektorlar Klubunun, Asiya Universitetlər Assosiasiyasının, Qara Dəniz Hövzəsi Universitetlər Birliyinin, Avrasiya İpək yolu Universitet Rektorları Cəmiyyətinin və Qafqaz Universitetlər Birliyinin üzvüdür. Beynəlxalq təşkilatlarla əlaqələr Naxçıvan Dövlət Universitetində tədris prosesində və elmi-tədqiqat işlərinin təşkilində, habelə idarəetmədə dünya təcrübəsindən yaradıcı şəkildə faydalanmağa imkan yaradır.
Naxçıvan Dövlət Universiteti TEMPUS proqramı üzrə 3 beynəlxalq layihənin iştirakçısıdır. Bundan başqa, 2012-ci ildən etibarən Naxçıvan Dövlət Universitetində Erasmus-Mundus proqramı əsasında da beynəlxalq layihənin tələbə mübadiləsi proqramı həyata keçiriləcəkdir.
Ali məktəblərdə tədrisin keyfiyyətini qiymətləndirmək məqsədi ilə aparılan milli reytinq tədqiqatlarının nəticələrinə əsasən Naxçıvan Dövlət Universiteti aparılmış tədqiqatlar nəticəsində hazırlanmış reytinqdə ali məktəblərin 2015-2016-cı ilin göstəricilərinə əsasən 827 balla Azərbaycanda fəaliyyət göstərən 19 dövlət, 9 qeyri-dövlət ali təhsil müəssisəsi arasında birinci yerə layiq görülüb.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya Şurasının qərarına əsasən, Nazirliyin 19 dekabr 2017-ci il tarixli, 444 nömrəli əmri ilə dövlət ali təhsil müəssisəsi kimi 5 il müddətinə akkreditə olunmuşdur. Naxçıvan Dövlət Universiteti öz məzunlarına həmin əmrdə göstərilmiş ixtisaslar üzrə dövlət nümunəli sənəd (diplom) vermək hüququna malikdir.
Universitetdə elmi-pedaqoji fəaliyyətlə məşğul olan müəllimlərdən 3 nəfəri AMEA-nın müxbir üzvü, 20 nəfəri elmlər doktoru, 151 nəfəri fəlsəfə doktoru, 7 nəfəri professor, 114 nəfəri dosentdir.
Hazırda Naxçıvan Dövlət Universitetində 91 ixtisas üzrə 6137-ə yaxın tələbə təhsil alır.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında respublikanın ən tanınmış heykəltəraş və rəngkarları, qrafik dizaynerləri, dekorativ-tətbiqi sənətin müxtəlif sahələrinin ən tanınmış nümayəndələri fəaliyyət göstərir. Bu gün çoxprofilli tədris ocağı olan akademiyada 7 ixtisas və 20 ixtisaslaşma üzrə yüksəkixtisaslı rəssam kadrları hazırlanır. Akademiyanın məzunlarının yiyələndikləri bilik və bacarıqlar onlara təsviri sənətin bütün sahələrində çalışmaq imkanı verir. Akademiya təhsilin bütün formaları üzrə rəngkarlıq, heykəltəraşlıq, qrafika, incəsənət tarixi və nəzəriyyəsi, dizayn, memarlıq, dekorativ-tətbiqi sənət ixtisasları üzrə təhsil fəaliyyətini qanunvericiliklə müəyyən edilmiş qaydada lisenziya və akkreditasiya əsasında həyata keçirir.
Akademiyaya rəhbərlik rektor, akademik Ömər Eldarov və onun sədr olduğu Elmi şura tərəfindən aparılır. Elmi Şuranın tərkibində yer alan tanınmış rəssamlar və təcrübəli müəllimlər müasir tələblərə cavab verən rəssamlıq konsepsiyasını yaradır, tədrisin təşkili və məzmunu ilə bağlı sənədlər hazırlayırlar.
Hal — hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında tədrisi, “Təsviri sənət”, “Sənətşünaslıq”, “Memarlıq və Dizayn”, “Dekorativ-tədbiqi Sənət” fakültələri və “Rəsm”, “Qrafika”, “Rəngkarlıq”, “Heykəltəraşlıq”, “Dizayn”, “Geyim dizaynı”, “Dekorativ — tətbiqi sənət”, “Memarlıq”, “İncəsənət tarixi”, “Humanitar və ictimai fənlər” kafedraları təşkil edir. Ölkəmizdə gedən genişmiqyaslı şəhərsalma işləri, zamanın sosial tələbatı rəssam təfəkkürlü memarlara ehtiyac olduğunu üzə çıxardı. 2001 — ci ildə rektor, akademik Ömər Eldarovun təşəbbüsü ilə Rusiya Rəssamlıq Akademiyasının təhsil sistemi nümunəsi əsasında ilk dəfə respublikada “Rəssam — memar” kadrları hazırlığına başlandı. Akademiyada xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil ancaq əyanidir. Sənətşünaslıq ixtisası üzrə təhsil həm əyani, həm də qiyabidir. Bakalavr pilləsi üzrə rəngkarlıq, heykəltəraşlıq, qrafika ixtisasları üzrə təhsil 5 il, dekorativ — tətbiqi sənət, memarlıq, dizayn və sənətşünaslıq ixtisasları üzrə 4 ildir. Magistratura pilləsində isə təhsil 2 ildir. Həm bakalavr, həm də magistrlara diplom işini yerinə yetirmək üçün fərdi emalatxanalar ayrılır. Rəngkarlıq, heykəltəraşlıq, qrafika ixtisasları üzrə tələbələr II kursu bitirdikdən sonra ixtisas dərslərini öz seçimlərinə görə akademik, professor və ya Xalq rəssamlarının rəhbərlik etdiyi yaradıcılıq emalatxanalarında (studiyalarda) davam etdirirlər . Rəngkarlıq, rəsm, kompozisiya fənləri ilə bərabər hər yaradıcılıq emalatxansının (studiyanın) fərdi, xüsusi proqramı var. Studiyalarda canlı model ilə işə üstünlük verilir. “Memarlıq və dizayn” fakültəsində ixtisaslaşma seçimi II kursdan başlayır. Akademiyada dərslər yaxşı təchiz olunmuş auditoriyalar, emalatxana, laboratoriya və studiyalarda aparılır . Tələbələr müəllimlərin rəhbərliyi ilə plenerdə işləyir, Milli incəsnət müzeyi, Müzey mərkəzi, digər müzey və qalereyalarda, Botanika bağında təcrübə keçirlər. Hər semestrin sonunda tələbələrin bilik və bacarıqları əvvəlcə kafedra tərəfindən, sonra isə rektor baxışında qiymətləndirilir. Ən yaxşı işlər akademiyanın fondu üçün seçilir. Akademiyada doktorantura və dissentantura üzrə də kadr hazırlığı aparılır. Akademiyanın Elmi və yaradıcılıq işləri üzrə prorektoru, Xalq Rəssamı prorfessor Fuad Salayevin təşəbbüsü ilə akademiyada Elm şöbəsi və Müdafiə Şurası yaradıldı, Müdafiə Şurasına akademiyanın professorları ilə yanaşı Milli Elmlər Akademiyasının mütəxəssisləri də daxildir . Akademiyada tədris prosesinə tanınmış sənətkarlar, təcrübəli mütəxəssis və müəllimlər: 9 Xalq rəssamı, 2 Əməkdar incəsənət xadimi, 16 Əməkdar rəssam, 3 Əməkdar memar, 2 Əməkdar mədəniyyət işçisi, akademik, 35 elmlər namizədi, 2 elmlər doktoru, 25 professor və 57 dosent cəlb edilib . Akademiyanın rəhbərliyi kadr seçimində ən istedadlı məzunlarımızın pedaqoji fəaliyyətə cəlb edilməsinə üstünlük verir. Rəssamlıq Akademiyasının tərkibinə daxil olan Muzey — sərgi kompleksinin nəzdində yaradıcılıq studiyaları və istedad hazırlıq kursları fəaliyyət göstərir . Akademiyanın bu illər ərzində tələbə və məzunların ən yaxşı işləri toplanmış metodik fondu mövcuddur.