Azərbaycan Pedaqoji İnstitutu Azərbaycan SSR Xalq Komissarları Sovetinin (XKS) sədri Nəriman Nərimanovun imzaladığı 1921-ci il 26 avqust tarixli dekret əsasında 6 nəfər tələbə ilə alitəhsilli müəllim kadrları hazırlamaq üçün təsis edilib. Onun ilk buraxılışı 1923–1924-cü tədris ilində olmuşdur. İlk dövrlərdə Ali Pedaqoji Kişi və Ali Pedaqoji Qadın İnstitutları kimi fəaliyyətə başlasa da, Azərbaycan Pedaqoji İnstitutu XX əsrin 90-cı illərində Azərbaycan Dövlət Pedaqoji Universiteti adını alıb. 1927–1929-cu illər və 1941–1943-cü illərdə fəaliyyəti dayandırılmış, Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti) ilə birləşdirilmişdir.
Abdulla Şaiqin təşəbbüsü ilə yaradılan ilk anadilli məşhur "Nümunə Məktəbi" də ADPU-nun nəzdində fəaliyyət göstərib. Məktəbin direktoru Qafur Əfəndizadə idi.
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) 1920-ci ildən Bakı Politexnik İnstitutunun tərkibində inşaat fakültəsi, 1930–1934-cü illərdə müstəqil İnşaat və Memarlıq İnstitutu, 1934-cü ildən Azərbaycan Sənaye İnstitutunun, 1951-ci ildən isə Azərbaycan Politexnik İnstitutunun tərkibində inşaat-memarlıq yönümlü ixtisasları birləşdirən bir neçə fakültə kimi fəaliyyət göstərmişdir. 1975-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan İnşaat Mühəndisləri İnstitutu yaradılmışdır. 1992-ci ildə institut universitet statusu almışdır.
2000-ci il iyun ayının 13-də Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin Fərmanı ilə bu ali məktəb Azərbaycan Memarlıq və İnşaat Universiteti adlandırılmışdır.
Bakı Slavyan Universiteti və ya qısaca BSU — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan dövlət təhsil müəssisəsi.
Slavyan və german dillərinin, ədəbiyyatının, mədəniyyətinin, coğrafiyasının, tarixinin, siyasətinin öyrənilməsində ixtisaslaşan universitetdə rus, polyak, çex, ingilis, alman, bolqar, ukrayn, yunan, slovak, belarus, serb, xorvat, bosniya, fransız, türk dilləri və ədəbiyyatı üzrə müəllimlər, filoloqlar, tərcüməçilər, həmçinin diplomatlar, jurnalistlər, eləcədə bu ölkələrin beynəlxalq münasibətləri, mədəniyyəti, coğrafiyası, tarixi üzrə mütəxəssislər hazırlanır.
Bakı Slavyan Universitetinin Azərbaycan Respublikasının bir çox ölkələrlə tədris-mədəni əlaqələrinin genişlənməsi, Azərbaycanşünaslığın inkişafı, ölkənin qazandığı nailiyyətlərin beynəlxalq aləmdə nümayiş etdirilməsi istiqamətində böyük xidmətləri vardır.
Bakı Slavyan Universitetinin Rusiya, Polşa, Ukrayna, Çexiya, Yunanıstan, Almaniya, Bolqarıstan, Birləşmiş Krallıq, Fransa, Slovakiya, Serbiya, Belarus, Xorvatiya, Sloveniya, Bosniya və Herseqovina, Türkiyə, Moldova, Rumıniya, Şimali Makedoniya və bir çox digər Şərqi və Mərkəzi Avropa, Baltikyanı (Latviya, Litva, Estoniya), Orta Asiya (Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan) ölkələrinin universitetləri, institutları, dövlət təşkilatları, elm və mədəniyyət müəssisələri ilə sıx beynəlxalq əlaqələri mövcuddur və həmin ölkələrdəki universitetlərlə tələbə mübadiləsi müqavilələri bağlamışdır.
Universitet Beynəlxalq Kadrlar Akademiyasının, Avropa Universitetləri Assosiasiyasının (EUA), Universitetlərin Böyük Xartiyasının (Magna Charta Universitatum), Beynəlxalq Rus dili və Ədəbiyyatı Müəllimlərinin Birliyinin (MAPRYAL), Qara dəniz hövzəsi Universitetləri Assosiasiyasının, Beynəlxalq Slavyan Universitetləri Assosiyasiyası, Xəzəryanı Ölkələrin Universitetləri Assosiyasiyasının üzvüdür.
Azərbaycanın ali məktəblərində xarici dillərin tədrisinə keçən əsrin 20-ci illərində başlanmış, 1936/1937-ci tədris ilində isə ilk dəfə olaraq Azərbaycan Pedaqoji İnstitutunda (APİ) müstəqil Xarici dillər kafedrası yaradılmışdır. Lakin xarici dilləri tədris edən milli pedaqoji kadrlar çatışmadığından Azərbaycan Xalq Komissarlar Soveti 1937-ci il oktyabr ayının 9-da “Azərbaycan Pedaqoji İnstitutunda Xarici dillər fakültəsinin təşkil edilməsi haqqında” qərar qəbul etdi. 1937/1938-ci tədris ilində fakültəyə 175 nəfər qəbul edildi: ingilis dilinə 59 nəfər, alman dilinə 92 nəfər, fransız dilinə 24 nəfər.
Onlardan 46 nəfəri Azərbaycan bölməsinə, 129 nəfəri rus bölməsinə qəbul olunmuşdu. 1941-ci ildə həmin qəbuldan yalnız 95 nəfəri diplom ala bildi. II Dünya müharibəsi başlandıqdan sonra xarici dil mütəxəssislərinə ehtiyac artdığından Azərbaycan SSR XKS-in 1940-cı ilin oktyabrında “Azərbaycan SSR-in ali və orta məktəblərində alman, fransız və ingilis dillərinin tədrisi haqqında” qəbul etdiyi qərar əsasında APİ-nin Xarici dillər fakültəsi 1941/42-ci tədris ilindən Pedaqoji Xarici Dillər İnstitutuna çevrildi və həmin il instituta 150 nəfər qəbul edildi/
Lakin 1941-ci ildə Böyük Vətən müharibəsinin başlanması ilə əlaqədar olaraq institut yalnız taşkilatlanma prosesini həyata keçirə bildi və XMK-nın əmri ilə sentyabr ayının 1-dən yenidən APİ-nin fakültəsi kimi öz fəaliyyətini davam etdirdi.
Müharibədən sonrakı dövrdə xarici dil mütəxəssislərinin hazırlanmasını yaxşılaşdırmaq məqsədilə Respublika Maarif Nazirinin əmri ilə 1948/1949-cu tədris ilindən Bakı şəhərində APİ-nin Xarici dillər fakültəsinin bazasında Pedaqoji Xarici Dillər İnstitutu yaradıldı. İnstitutun ilk rektoru vəzifəsinə Xarici dillər fakültəsinin məzunu və bir müddət fakültənin müəllimi, sonra isə dekanı işləmiş Heybət Paşayev təyin edildi. Birinci il instituta 150 nəfər qəbul edildi.İnstitut müstəqil fəaliyyət göstərdiyi 10 il ərzində 1400-ə qədər xarici dil mütəxəssisi hazırlamışdı: 861 nəfər ingilis, 278 nəfər alman, 234 nəfər fransız dilləri üzrə. Onlardan əksəriyyəti azərbaycanlı idi.
Respublika Maarif Nazirinin 14 may 1959-cu il tarixli əmrilə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutu ilə birləşdirildi.
Heydər Əliyev 1969-cu ildə Azərbaycan KP MK-nın birinci katibi təyin edildikdən sonra respublikada bütün sahələrdə olduğu kimi təhsil sistemində, xüsusən ali təhsilli mütəxəssislərin hazırlanması, onların nəzəri və peşə biliklərinin artırılması, tədris-tərbiyə prosesinin təşkilində müasir elmi metodların tətbiq olunması sahəsində də ciddi dəyişikliklər edildi. Azərbaycan KP MK-nın və Azərbaycan Nazirlər Sovetinin 17 oktyabr 1972-ci ildə qəbul etdikləri “Azərbaycan SSR-də ali təhsili daha da təkmilləşdirmək haqqında” qərar bu sahədə mühüm rol oynadı. Qərarın icrası ilə əlaqədar olaraq Azərbaycan SSR Nazirlər Soveti 4 noyabr 1972-ci ildə “M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun yenidən təşkil olunması haqqında” qərar qəbul etdi. Həmin qərar əsasında Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu yenidən müstəqil ali məktəb kimi fəaliyyətə başladı və Zemfira Nadir qızı Verdiyeva institutun rektoru təyin edildi.Azərbaycan Respublikası xalq təhsili nazirinin 25 dekabr 1992-ci il tarixli əmrilə professor Z.Verdiyeva rektor vəzifəsindən azad edildi. İnstitutun tədris işləri üzrə prorektoru, professor Qorxmaz Quliyev daxili əmrlə 30 dekabrdan rektor vəzifəsini icra etməyə başladı.
Respublikamız müstəqillik qazandıqdan sonra APXDİ-nin rəhbərliyində dəyişiklik edildi və 1993-cü ilin yanvar ayının 25-də professor Fəxrəddin Veysəlli ali məktəbin rektoru təyin olundu.
1993-cü il sentyabr ayının 6-da Z.Verdiyeva rektor vəzifəsinə bərpa olunduğundan F.Veysəlli tutduğu vəzifədən azad edildi. 1993-cü ilin dekabr ayında Z.Verdiyeva yaşına görə təqaüdə çıxdı. Professor Q.Quliyev rektor təyin olundu və 4 aprel 2000-ci ilədək rektor vəzifəsində çalışdı.İnstitutun inkişafına həmişə böyük qayğı göstərmiş Ümummilli lider Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli Fərmanı ilə Azərbaycan Dövlət Dillər İnstitutu fəaliyyəti genişləndirilməklə Azərbaycan Dillər Universitetinə çevrildi. Prezidentin 30 iyun 2000-ci il tarixli Sərəncamı ilə professor Səməd İsmayıl oğlu Seyidov universitetin rektoru təyin edildi.
Heydər Əliyevin sərəncamı əsasında 2003-cü ildə universitetə əlavə təhsil binası verildi. Prezident İlham Əliyevin göstərişi ilə 2005-ci ildə 2500 nəfər tələbə üçün nəzərdə tutulmuş beş mərtəbəli yeni tədris binası tikilib istifadəyə verildi.
24 noyabr 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti İham Əliyevin imzaladığı Sərəncamla Səməd Seyidov Azərbaycan Dillər Universitetinin rektoru vəzifəsindən azad edildi.
1 iyun 2017-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İham Əliyev akademik Kamal Abdullayevin Azərbaycan Dillər Universitetinə rektor təyin edilməsi ilə bağlı Sərəncam imzaladı
Hazırda 70-dan çox ixtisas üzrə mütəxəssis hazırlanan universitetdə 5 fakültə, 31 kafedra, elmi mərkəzlər, laboratoriyalar fəaliyyət göstərir. Universitetdə təhsil alan tələbə, magistrant və doktorantların sayı 6500 nəfərə yaxındır.
Respublikanın təhsil sistemində aparılan islahatlara çevik reaksiya verən ADU dövlət ali məktəbləri arasında ilk dəfə bütünlüklə kredit sistemli təhsilə keçib. Xarici ölkələrin qabaqcıl ali məktəbləri ilə əlaqələr günü-gündən genişləndirilir. Türkiyənin, ABŞ-ın, Rusiyanın, Çinin, Böyük Britaniyanın, Fransanın və Avropanın, Asiyanın digər ali məktəbləri ilə əlaqələr daha intensiv şəkil alır, qarşılıqlı müqavilələr bağlanır, müəllim və tələbə mübadiləsi genişlənir, diplomların tanınması istiqamətində intensiv iş aparılır.
Bu gün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası idman təhsili sahəsində yüksək ixtisaslı mütəxəssisləri hazırlamaq üçün bütün imkanları yaradan müasir ali təhsil məktəbidir. Akademiya idman təhsilini dünya standartlarına uyğunlaşdırmaq, təhsilin keyfiyyətini artırmaq və beynəlxalq əmək bazarında rəqabət qabiliyyətinə malik mütəxəssislər hazırlamaq kimi hədəfləri qarşısına qoymuşdur.Bu məqsədlərə nail olmaq üçün 2016-cı ildən başlayaraq Akademiyada ardıcıl islahatlar aparılır, tam yeni infrastruktur yaradılır (elektron kitabxana, tədris laboratoriyaları, sürətli internet və s.), təhsil imkanları genişləndirilir (distant və onlayn təhsil imkanları, İKT-nin tətbiqi, tələbə və professor-müəllim heyətinin mübadiləsi, elmi-tədqiqat işlərinin aparılması və s.), beynəlxalq təcrübə öyrənilir və beynəlxalq əməkdaşlıqlar qurulur
Azərbaycan Dövlət Aqrar Universiteti Azərbaycan ali təhsil müəssisələri arasında ilk dəfə İSO 21001:2018 beynəlxalq standartı üzrə sertifikat qazanıb
Azərbaycan Dövlət Aqrar Universiteti Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən hazırlanmış 21001:2018 “Təhsil təşkilatları üçün idarəetmə sistemləri – İstifadə üzrə rəhbərlik və tələblər” beynəlxalq standartı üzrə sertifikatını qazanıb.
Sertifikatın təqdim etmə mərasimində çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov Azərbaycan ali təhsil müəssisələri arasında ilk dəfə ADAU-nun bu sertifikata layiq görülməsinin əlamətdar hadisə olduğunu və İSO 21001:2018 beynəlxalq standartının tətbiqinin universitet üçün bir çox faydalarının olduğunu deyib. Rektor bildirib ki, bu standart müxtəlif növ təhsil müəssisələrində effektiv və rahat idarəetmə sistemi modelinin tətbiqinə, təhsil xidmətlərinin keyfiyyətinin artırılmasına, bütövlükdə təşkilatda innovasiyaların inkişafının stimullaşdırılmasına kömək etmək üçün lazımdır.
İNSERT Beynəlxalq Sertifikatlaşdırma şirkətinin direktoru Şamo Muradov qeyd olunan standart üzrə ISO sertifikatını alan ilk ali təhsil müəssisəsi kimi ADAU-ya uğurlar arzu edib.
Sonda sertifikat universitetə təqdim olunub.