0702133333

0702133333

Azərbaycan universitetləri

Haqqında

Azərbaycanda özəl ali təhsilin bünövrəsini qoyan Azərbaycan Universiteti 1991-ci ildə təsis edilmişdir. Universitetin sələfi olan Ali Humanitar Kollec həmin il iyulun 16-da Xalq Təhsili nazirinin əmri ilə fəaliyyətə başlamış, 1993-cü ilin yanvarında Ali Humanitar Kollecin ümumi yığıncağında onun özəl Azərbaycan Universiteti kimi fəaliyyət göstərməsi qərara alınmışdır.

Azərbaycan Universiteti Dövlət Ali Ekspert Komissiyasının (DAEK) 3 mart 1993-cü il tarixli, Təhsil Nazirliyi Kollegiyasının 8 aprel 1993-cü il tarixli qərarları ilə özəl Azərbaycan Universiteti dövlət qeydiyyatına alınmış, 01 saylı Dövlət reyestrinə qəbul edilmiş və ona sertifikat verilmişdir.

1994-cü ilin sentyabr ayında yeni DAEK-in yaradılmasından sonra komissiyanın verdiyi rəy əsasında Azərbaycan Universitetinin fəaliyyətinə Təhsil Nazirliyi tərəfindən lisenziya verilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 mart 1995-ci il tarixli 72 saylı qərarı ilə Nazirlər Kabineti yanında Dövlət Ali Ekspert Komissiyasının rəyinə əsasən, tərkibində orta ixtisas kolleci və ingilis dilli gimnaziya olmaqla, qeyri-dövlət Azərbaycan Universiteti Dövlət qeydiyyatına alınmışdır.

Azərbaycan Respublikası Təhsil Nazirliyi Akkreditasiya Komissiyasının qərarına əsasən 24 fevral 2009-cu il tarixli 213 saylı əmri ilə ali təhsil müəssisəsi kimi təkrar akkreditə olunmuşdur.

Azərbaycan Respublikası Təhsil Nazirinin 10 iyul 2009-cu il tarixli 929 saylı əmri ilə fəaliyyətinə verilmiş xüsusi razılığın müddəti daha 5 il uzadılmışdır.

2016–cı il fevralın 24-də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi “Azərbaycan Universiteti” Məhdud Məsuliyyətli Cəmiyyətinə Ali təhsil fəaliyyətini müddətsiz davam etdirməyə icazə vermişdir.

Azərbaycan Respublikası Təhsil Nazirliyi Akkreditasiya Şurasının qərarına əsasən Nazirliyin 20 iyul 2018-ci il tarixli, F-520 nömrəli əmri ilə özəl ali təhsil müəssisəsi kimi 5 (beş) il müddətinə təkrar akkreditə olunmuşdur.

  • Fəlsəfə elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilov 1991-ci ildən 2006-cı ilə qədər;
  • Pedaqoji elmlər doktoru, professor Fərahim Sadıqov 2006-2007-ci illərdə;
  • İqtisad elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, AMEA-nın İqtisadiyyat İnstitutunun İqtisadi tədqiqatların riyazi təminatı şöbəsinin müdiri Akif Musayev 2007-2011-ci illərdə;
  • Yazıçı-dramaturq, fizika-riyaziyyat elmləri namizədi, dosent Aslan Qəhrəmanlı 2011-2012-ci illərdə;
  • Milli Məclisinin II çağırış millət vəkili, iqtisad elmləri namizədi Eldar Qəhrəmanov 2012-2015-ci illərdə;
  • Hüquq üzrə fəlsəfə doktoru Fərid Əhmədov 2015-2017-ci illərdə Azərbaycan Universitetinin rektoru vəzifəsini icra etmişdir.
  • 13 mart 2017-ci il tarixindən Azərbaycan Universitetinin rektoru vəzifəsinə Səadət Əliyeva təyin olunmuşdur.

1997-ci ildə magistratura pilləsi üzrə tələbə qəbuluna başlanmışdır. 2003-cü ildən başlayaraq isə fəlsəfə doktoru proqramı üzrə doktorant və dissertant hazırlığı həyata keçirilir.

Azərbaycan Universiteti 2006-cı ildən başlayaraq Bolonya bəyannaməsinin tələbləri əsasında fəaliyyət göstərir. Tədrisin təşkili, tələbələrin qiymətləndirilməsi Avropa Kredit Transfer Sisteminin (AKTS) tələblərinə uyğunlaşdırılmışdır.

Azərbaycan Universiteti 2009-cu ildə kredit-çoxballı sistemin tətbiqi üzrə Təhsil Nazirliyi tərəfindən pilot ali məktəb elan edilmişdir.

Hazırda Azərbaycan Universitetində 3 fakültə, 9 kafedra fəaliyyət göstərir. Magistrant, doktorant və dissertantların tədris prosesini Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi təşkil edir. Bakalavriat səviyyəsinə 23, magistratura səviyyəsinə MBA daxil olmaqla 21, fəlsəfə doktoru proqramı üzrə doktoranturaya 14, dissertanturaya 17 ixtisas və istiqamət üzrə qəbul aparılır.

Universitetin professor-müəllim heyəti 248 nəfərdən ibarətdir. Tələbə sayı 2235-dir.

Birinci tədris ilinə 71 tələbə ilə başlayan Azərbaycan Universiteti ilk məzunlarını 1995-ci ildə vermiş, universitetin birinci buraxılışında 52 məzun bakalavr dərəcəsi almışdır. Ümumilikdə isə 1995-2021-ci illər ərzində bakalavriat pilləsi üzrə 4724, 1999-2021-ci illər ərzində magistratura pilləsi üzrə 648 nəfər məzun olmuşdur.

Hazırda tədris Azərbaycan və ingilis dillərində aparılır. İngilis dilində tədris olunan ixtisaslara qəbul olan tələbələr üçün bir il dil hazırlığı proqramı tətbiq olunur.

Azərbaycan Universiteti “Erasmus+”, “Mevlana”, DAAD (Alman Akademik Mübadilə Xidməti) beynəlxalq mübadilə proqramlarının üzvüdür. “Erasmus+” proqramı tələbələrə Türkiyə və Avropanın qabaqcıl universitetlərində qısa müddətli təhsil imkanı qazandırır. “Mevlana” proqramı Türkiyə universitetləri, DAAD isə Almaniya universitetləri ilə akademik mübadiləyə şərait yaradır.

Universitet kompüter biliklərini beynəlxalq səviyyədə təsdiq edən ECDL sertifikat proqramının (European Computer Driving Licence) Azərbaycandakı rəsmi Akkreditasiya Olunmuş Test Mərkəzi olaraq və ingilis dili biliklərini beynəlxalq səviyyədə təsdiq edən PTE (Pearson Test of English) proqramının imtahan alt mərkəzi kimi təsdiq olunmuşdur.

2019-cu ildə Ukraynanın Xarkov Milli Radioelektronika Universiteti ilə birgə Beynəlxalq İkili Diplom Proqramı təsis olunmuşdur. Proqram bakalavriat və magistratura pillələri üzrə kompüter elmləri və kompüter mühəndisliyi ixtisaslarını əhatə edir. 2021-ci ildə isə əməkdaşlığın yeni istiqaməti olaraq Azərbaycan Universiteti və Xarkov Milli Radioelektronika Universitetinin İnformasiya təhlükəsizliyi üzrə birgə tədris-tədqiqat laboratoriyası yaradılmışdır.

2019-cu ildən başlayaraq Universitetdə tələbələrin 4 ildə 2 fərqli ixtisas üzrə 2 diplom ala biləcəkləri Universitetdaxili İki Diplom (UDİD) Proqramı fəaliyyət göstərir.

2019-cu ildə ISO 9001:2015 “Keyfiyyət İdarəetmə Sistemi” sertifikatını əldə edən Azərbaycan Universitetində tədris və idarəetmə beynəlxalq standartlar əsasında təşkil olunur.

Universitetin rektoru Səadət Əliyeva Təhsil nazirinin əmri ilə 2019-cu ildə Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və elm və təhsil sahəsində yüksək nailiyyətlərinə görə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı, 2021-ci ildə isə Azərbaycan Universitetinin 30 illiyi münasibətilə və yüksək ixtisaslı kadrların hazırlanmasında səmərəli elmi-pedaqoji fəaliyyətinə görə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilmişdir.

Haqqında

Qafqaz Universiteti — 1993-ci ildə Bakı şəhərində fəaliyyətə başladı. Universitet Azərbaycan və Türkiyə arasında elmi-mədəni əlaqələrin inkişafında mühüm rol oynayan "Çağ Öyrətim İşlətmələri" şirkətinin təhsil kompleksinin ən yüksək pilləsidir. 2017-ci il, yanvarın 16-da fəaliyyəti dayandırılmışdır.

Haqqında

Xəzər Universiteti Azərbaycan Respublikasında qabaqcıl təhsil və tədqiqat, təhsil siyasəti və inkişafı təşviq edən bakalavriat, magistratura və ixtisas təhsili üçün özəl təhsil müəssisəsidir.

Xəzər Universiteti Azərbaycanda İncəsənət, Humanitar və Sosial Elmlər, Memarlıq, Mühəndislik və Tətbiqi Elmlər, İqtisadiyyat, Menecment və Biznes üzrə müxtəlif ixtisaslar təklif edən, eyni akademik siyasət və prinsiplər əsasında birləşən çoxsaylı müstəqil məktəblərdən ibarət Azərbaycanda ilk Universitetdir. İdarəetmə, Təhsil.

Xəzər həm də sənaye ilə əlaqələri baxımından Azərbaycanın qabaqcıl universitetlərindən biridir.

Bu gün Universitet aparıcı yerli və beynəlxalq şirkətlərlə səmərəli əlaqələr qurub.

“Xəzər”in professorları öz peşə sahələrində tanınıb və liderlik qazanıblar və ya milli və beynəlxalq reputasiyaya malik biznes liderləri, rəssamlar və hüquqşünaslardır.

Peşəkar, Ph.D., Magistr proqramları və Azərbaycanda ən geniş MBA proqramı daxil olmaqla magistratura təhsili Universitetin təhsil profilində mühüm yer tutur.

Haqqında

Odlar Yurdu Universiteti Azərbaycan Dövlət Ali Ekspert komissiyasının 10.11.1995-ci il tarixli müsbət rəyi əsasında və Nazirlər Kabinetinin 8 iyul 1996-cı il tarixli, 86 saylı qərarı ilə dövlət qeydiyyatından keçmiş yüksək səviyyəli təhsil imkanları və bacarıqlı müəllim heyəti ilə beynəlxalq səviyyədə fəaliyyət göstərən ali təhsil müəssisəsidir.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Türkiyənin Yüksək Öğretim Kurumu (YÖK) və Almaniyanın H + qurumu tərəfindən akkreditasiya edilmiş Odlar Yurdu Universiteti YUNESKO nəzdində Dünya Universitetlər Assosiasiyasının (IAU) tam hüquqlu üzvüdür.
Odlar Yurdu Universitetində bakalavriat, magistratura və doktorantura təhsil səviyyələrində Avropa, Asiya və Afrikanın bir çox ölkələrindən gəlmiş tələbələr təhsil alırlar.
Odlar Yurdu Universiteti “Erasmus+” və “Mevlana” kimi beynəlxalq mübadilə proqramlarının üzvü olmaqla, tələbə və akademik heyətə Avropa qabaqcıl universitetlərində qısa müddətli təhsil və tədris imkanı verməklə yanaşı, akademik mübadiləyə şərait yaradır...

Haqqında

Bakı Avrasiya Universiteti 1992-ci il aprelin 30-da fəlsəfə elmləri doktoru, professor Nazim Ziyad oğlu Hüseynli tərəfindən Ali Diplomatiya Kolleci (ADK) adı ilə təsis edilmişdir.

Azərbaycan Respublikasının müstəqilliyini yeni bərpa etdiyi ilk dövrlərdə diplomatiya və beynəlxalq münasibətlər sahəsində peşəkar kadrlara kəskin tələbatın qarşılanması zərurətindən yaranmış təhsil müəssisəsinin əsas məqsədi çoxpilləli tədris prosesində xarici siyasət və beynəlxalq hüququn əsaslarına yiyələnmiş, respublikamızın xarici ölkələrdəki səfirlik və konsulluqlarında, digər təmsiledici strukturlarında və beynəlxalq təşkilatlarda fəaliyyət göstərmək potensialına malik mütəxəssislər, qərb və şərq dövlətləri üzrə ixtisaslaşmış diplomatlar, sinxron tərcüməçilər, jurnalist və hüquqşünaslar hazırlamaq, eləcə də diplomatiya sahəsində fəaliyyət göstərən kadrları təkmilləşdirmək və müvafiq istiqamətlər üzrə elmi-tədqiqat işləri aparmaq idi.

1992-ci ildən 1993-cü ilin mart ayına qədər olan mərhələni Universitetin tarixində tələbə qəbuluna hazırlıq, eyni zamanda təhsil müəssisəsinin elmi-tədqiqat mərkəzi olaraq geniş və səmərəli fəaliyyətin qurulduğu dövr kimi xarakterizə etmək olar. Təsadüfi deyil ki, məhz bu dövrdə təhsil müəssisəsində respublikamız üçün tamamilə yeni olan sahələr: diplomatiya, xarici siyasət və Azərbaycanşünaslığa dair fundamental və tətbiqi problemlər araşdırılmış, müvafiq sahələr üzrə elmi nəşrlərin hazırlanması, həmçinin informasiya sisteminin təşkil istiqamətində mühüm işlər həyata keçirilmişdir.

Təhsil müəssisəsi Dövlət Ali Ekspert Komissiyasının 1993-cü il 13 mart tarixli 7/1 saylı qərarı ilə dövlət qeydiyyatından keçmişdir. Həmin qərara əsasən Ali Diplomatiya Kollecinə "Beynəlxalq münasibətlər", "Diplomatiya", "İqtisadiyyat və idarəetmə", "Beynəlxalq hüquq", "Jurnalistika", "Beynəlxalq jurnalistika", "Dilşünaslıq", "Sinxron tərcümə", "İngilis dili tərcüməçiliyi", "Sosiologiya", "Politologiya" ixtisasları üzrə kadr hazırlığına icazə verilmiş və tələbə qəbulunun test üsulu ilə Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının nəzarəti altında keçirilməsi tövsiyə edilmişdir.

Təhsil müəssisəsi Azərbaycan Respublikası Prezidentinin 24.09.1994-cü il tarixli 212 saylı fərmanı ilə yaradılmış DAEK-in rəyi əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.02.1996-cı il tarixli 22 saylı qərarı ilə bakalavr pilləsində “Sinxron tərcümə”, “Diplomatiya” və “Beynəlxalq əlaqələr” ixtisasları üzrə kadr hazırlığı aparan qeyri-dövlət ali təhsil müəssisəsi kimi dövlət qeydiyyatına alınmışdır.

Təhsil müəssisəsi 2005-ci il 30 iyun tarixədək Ali Diplomatiya Kolleci adı ilə fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xüsusi rəyi əsasında Azərbaycan hökumətinin qərarı ilə təhsil müəssisəsinin adı 2005-ci il 30 iyun tarixindən dəyişdirilərək Bakı Diplomatiya Universiteti adlandırılmışdır.

2006-cı il 26 may tarixindən etibarən təhsil müəssisəsinin adı yenidən dəyişdirilərək Bakı Avrasiya Universiteti adı altında dövlət qeydiyyatından keçmişdir. Hal-hazırda ali təhsil ocağı Bakı Avrasiya Universiteti kimi fəaliyyət göstərir.

Bakı Avrasiya Universitetinin fəaliyyətinə Azərbaycan Respublikası Təhsil Nazirinin 2007-ci il 04 iyul tarixli 822 nömrəli əmri ilə 5 (beş) il müddətinə xüsusi razılıq (lisenziya) verilmiş, 2012-ci il 10 iyul tarixli 1298 nömrəli əmri ilə lisenziyanın qüvvədəolma müddəti növbəti 5 (beş) il müddətinə uzadılmışdır. 2017-ci il 31 may tarixindən Universitetə ali təhsil müəssisələri fəaliyyətini həyata keçirmək üçün müddətdiz xüsusi lisenziya verilmişdir.

Təhsil Nazirinin 23 aprel 2011-ci il tarixli 668 nömrəli əmri ilə yaradılmış akkreditasiya komissiyasının rəyi əsasında 2011-ci il 30 sentyabr tarixli 1587 nömrəli əmrlə Univerisitet 5 (beş) il müddətinə akkreditə olunmuşdur. 2018-ci il 20 iyul tarixindən Universitet növbəti müddət (2017-2022) üçün akkreditasiyadan keçirilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 27 yanvar tarixli 24573 №-li razılıq məktubu əsasında Azərbaycan Respublikası Təhsil Nazirınin 1999-cu il 14 may tarixli 11/346 №-li əmri ilə Universitetdə magistratura yaradılmışdır.

2019/2020-ci tədris ilindən İtaliya Respublikasının Genuya Universiteti ilə birgə proqram əsasında “Turizmin iqtisadiyyatı” ixtisaslaşması üzrə ikili diplom layihəsi həyata keçirilir. Həmin tədris ilindən həmçinin MBA proqramı fəaliyyətə başlamışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 19 iyul tarixli 188 saylı qərarı ilə Bakı Avrasiya Universitetində fəlsəfə doktoru proqramı üzrə doktorantura yaradılmışdır.

Xüsusi vurğulamaq lazımdır ki, bir sıra istiqamət və ixtisaslar üzrə respublikamızda ilk dəfə olaraq kadr hazırlığının aparılması məhz Ali Diplomatiya Kollecinin adı ilə bağlıdır. Bu sırada beynəlxalq münasibətlər, beynəlxalq hüquq, beynəlxalq jurnalistika, beynəlxalq iqtisadi münasibətlər, sinxron tərcümə (ingilis, alman, fransız, ərəb, türk), regionşünaslıq (ABŞ və Kanada; Avropa ölkələri, Yaxın və Orta Şərq ölkələri, Uzaq Şərq ölkələri) kimi ixtisasları qeyd etmək olar.

Yarandığı gündən etibarən Universitetdə ənənəvi streotiplərdən uzaq, demokratikliyi və özünəməxsusluğu ilə seçilən tədris prosesinin təşkili və idarəedilməsi həyata keçirilirdi. Hazırlanmış təhsil proqramlarının orijinallığı, beynəlxalq və milli əmək bazarının tələblərinə yüksək səviyyədə cavab verməsi nəticəsində respublikamızda özəl təhsil sektoruna ictimai münasibətin hələ tam aydınlaşmadığı bir dövrdə belə abituriyentlərin təhsil almaq istəyi ilə üz tutduğu ali məktəblər sırasında Ali Diplomatiya Kolleci həlledici yerdə qərarlaşmışdı. Universitet bu gün də öz statusunu və imicini lazımi səviyyədə saxlamaqdadır.

Keçən müddət ərzində Universitetin kadr hazırlığı strukturu əmək bazarının tələblərinə uyğun olaraq dinamik inkişaf etmiş, təkmilləşmişdir, hazırda bakalavriat, magistratura və doktorantura səviyyələrində respublikamız üçün əhəmiyyətli olan yeni-yeni sahələr üzrə kadr hazırlığı aparılır. Tədris prosesinə ölkəmizin elmi-pedaqoji ictimaiyyətinin qabaqcıl nümayəndələri cəlb olunmuşdur.

Universitet hazırda 4 beynəlxalq təşkilatın üzvüdür, dünyanın 70-dən çox nüfuzlu təhsil ocağı, elm mərkəzləri ilə təcrübə, tələbə və müəllim mübadiləsi sahəsində əməkdaşlıq əlaqələrinə malikdir.

Bakı Avrasiya Universitetinin rektoru professor Nazim Ziyad oğlu Hüseynlidir. O, 1992-ci ildən Universitetin fəaliyyətinə rəhbərlik edir.

Haqqında

Universitetin tarixi 1992-ci ildən başlayır. Həmin il Bakı Ali Pedaqoji Qızlar Seminariyası təsdiq edilmişdir. Professor Ağarəhim Nüsrət oğlu Rəhimovun sədrliyi ilə tələbə qəbulu komissiyası yaradılmış və həmin ilin 27 iyul tarixində Azərbaycan Televiziyasında Bakı Ali Pedaqoji Qızlar Seminariyasına "Pedaqogika və psixologiya", "Pedaqogika və ibtidai təhsilin pedaqogikası" ixtisasları üzrə tələbə qəbuluna dair elan verilmişdir.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 08 iyul 2005-ci il tarixli Dövlət Qeydiyyatı haqqında 19 saylı şəhadətnaməsi ilə Bakı Ali Pedaqoji Qızlar Seminariyası Bakı Qızlar Universiteti adlandırılmışdır.